Böhran Zamanı Pr
Dünyada baş verən maliyyə böhranı biznes mühitində törətdiyi fəsadlarla yadda qalmaqdadır. Təsirlər xüsusilə bank sistemlərində özünü biruzə verir. Böhranın ağır nəticələrindən “qurtulmaq” üçün antiböhran tədbirlərindən istifadəyə ehtiyacın yaranması gözlənilən idi və bir çox dövlətlər öz iqtisadi sabitliyini qorumaq üçün iqtisadiyyata dövlət dəstəyini artırmağa başlamışlar. Həmçinin bir çox banklar da fəaliyyətlərini yenidən nəzərdən keçirmiş və təxirəsalınmaz tədbirlər görmüşlər. Belə tədbirlər sırasında marketinq strategiyasının böhran vəziyyətinə uyğunlaşdırılmasını da qeyd etmək olar, hansı ki, burada PR –a xüsusi yerin ayrılması labüd olmuşdur. Çünki, böhran zamanı banklar faiz dərəcələrinin və məhsulların reklam edilməsi ilə kifayətlənməyərək, daxili və xarici PR planlarını elə qurmalıdırlar ki, hər bir fərdin şəxsi etibarını qazanmaqla yanaşı onu qoruya da bilsinlər.
“Kiçik” banklar böhran dövründən müsbət yöndə istifadə edə bilərlər. Belə ki, böhran zamanı bazarda bir çox iri və öncül bankların fəaliyyəti durğun və ya yüksəliş dövründən fərqli olaraq daha “sakit” keçir. Sərbəst müştərilərin sayı artır və bu zaman onların diqqətini cəlb etmək daha asan olur. Həmçinin iri və öncül bankların müştəriləri daha həssas olurlar. Çünki onlar bank tərəfdən daima “nəvaziş” görürlər və böhran zamanı əgər bunu hiss etmirlərsə bankla əlaqələri zəifləyir. “Kiçik” banklar üçün isə bazar payını artırmaqda yaxşı fürsət yaranmış olur və daxili, xarici PR vasitələri ön plana çəkilir.
Böhran zamanı iş adamları öz biznesləri barədə daha dərindən düşünməyə başlayırlar. Bir çox şirkətlər PR, reklam kompaniyalarının büdcəsini ixtisar etməyə başlayırlar. Qənaət edildi deyə düşünülsə də şirkət dərin bir “quyuya” yuvarlanmış olur. Təsəvvür etmək çətin deyil ki, uzun bir müddət əlaqə saxlamayan şəxslər zaman getdikcə yadlaşır, bank-əməkdaş-müştəri münasibətləri də elədir. Böhranın yaratdığı neqativ zamanı isə bu daha kəskin baş verir. Belə ki, informasiya çatışmamazlığı istər bankın səhmdarlarında/investorlarında, istərsə də daxili və xarici müştərilərdə narahatlığa səbəb ola bilir. Çünki, böhran zamanı insanların neqativə doğru həssaslığı daha da artır. Ona görə də bu dövrdə əlaqələrə daha da fokuslaşmaq və onları mümkün qədər fərdiləşdirmək lazımdır.
Reklam kompaniyaları da böhran zamanı effektli ola bilər. Amma nəzərə almaq lazımdır ki, məsələn maliyyə böhranının olduğu bir zamanda PR-a nisbətən digər bahalı vasitələrdən istifadə etmək məqsədə uyğun olmazdı. Məsələn, onlayn PR bu dövr üçün ən ucuz və effektli vasitə sayıla bilər.
Böhran zamanı PR vasitəsilə əlaqələrin qurulması bir neçə istiqamətdə təşkil edilə bilər. Birinci istiqamət səhmdarlar/investorlarla əlaqələrdir. Çünki böhranın təsirləri onların gəlirlərinə və fikirlərinə mənfi təsir edir. Davamlı neqativ təsirlər yatırılan pulun tez bir zamanda geri tələbinə səbəb ola bilər. Mütəmadi onlarla görüşlər təşkil edilməli, bankda gedən proseslərin icmalı onların diqqətinə müəyyən zamanda davamlı olaraq çatdırılmalıdır. İkinci əsas istiqamət isə bankın əməkdaşları ilə qurulan əlaqələrdir. Razılaşmaq lazımdır ki, əməkdaşların neqativə köklənməsi hətta sabit yaxşı işləyən bankı da böhrana sürükləyə bilər. Ona görə də əməkdaşlar arasında təşviq-təbliğat işi gücləndirilməlidir. Ümumi əhval-ruhiyyənin qalxmasına kömək edəcək atmosfer yaradılmalı və səylə saxlanılmalıdır. Bu iki istiqamət 3-cü istiqamətdə əlaqələrin möhkəmlənməsinə zəmin yaradacaq. Həmin 3-cü istiqamət isə müştərilər ilə əlaqələrdir. Burada da öz növbəsində qurulacaq xarici PR-ın effektli olacağı ümid ediləndir. KİV ilə aktiv iş aparılmalıdır. Dolayısı ilə desək ilk növbədə bank/şirkət öz daxili əhval-ruhiyyəsini düzgün nizamlamağı bacarmalıdır ki, müştəri qarşısına gülər üzlə çıxa bilsin. Ani bir neqativ və ya bank haqqında ani bir xoşagəlməz xəbərin başqa mənbədən yayılması görülən işləri heçə endirmək qədər güclüdür. Müasir dövrdə informasiyanın yayılması sürəti çox yüksəlmişdir. Bundan əlavə neqativ xarakterli xəbərə insanlar daha diqqətlə və maraqla yanaşırlar, Azərbaycanda isə bəlkə də mentalitetdən irəli gələrək bu daha güclüdür. Böhran zamanı hər saniyənin vacibliyini nəzərə alsaq qeyd edilən 3 istiqamətə kompleks şəkildə yanaşmaq daha məqsədə uyğun olardı. Çünki ardıcıllıqla onların həyata keçirilməsi müəyyən vaxt tələb edir. Digər bir imkan isə müstəqil PR şirkətlərinin xidmətindən istifadə etməkdir. Azərbaycanda isə peşəkar PR şirkətlərinin sayı çox məhduddur. Bundan əlavə müasir biznesdə PR agentlərdən də geniş istifadə edilir. Bu agentlər hər biri müxtəlif sahələrdən seçilməli və etibarlı xüsusiyyətlərə malik olmalıdır (müəllim, alim, həkim və s.). Bankın konsulu kimi təşviq – təbliğat işini mütəmadi aparmalıdır. İstifadə ediləcək vasitənin növündən asılı olmayaraq bank vəziyyətə vaxtında və düzgün qiymət verməyi bacarmalı, mümkün qədər qısa vaxtda reaksiya göstərməlidir. Ancaq bu zaman bankın böhrandan az itkilərlə çıxması mümkün ola bilir.
Rəy yaz