MARKETİNQ TƏHSİL İLƏ BİZNES ARASINDA KÖRPÜDÜR

  • Home
  • Bloq
  • MARKETİNQ TƏHSİL İLƏ BİZNES ARASINDA KÖRPÜDÜR
MARKETİNQ TƏHSİL İLƏ BİZNES ARASINDA KÖRPÜDÜR

MARKETİNQ TƏHSİL İLƏ BİZNES ARASINDA KÖRPÜDÜR

Yazının başlığında ifadə etdiyim fikiri izah etmək üçün təhsil, təhsil-biznes və biznes müstəvisində marketinqin rolundan bəhs edirəm. Bu məfhumların ayrılıqda və qarşılıqlı əlaqədə fəaliyyət göstərməsi üçün marketinqin vacibliyi önə çəkilir, məsələyə fərqli aspektdən diqqət yetirilir*.

2019-cu ildə Azərbaycanda təhsil-biznes münasibətlərində marketinqin vəziyyəti necədir? Hansı problemlər var və səbəblər nə ola bilər? Gəlin bu suallara hakim olmaq üçün mövzunu bölək və tək-tək hər məsələyə yanaşaq.

Son illərdə ölkə təhsil sistemində baş verən inkişaf, yenilik və şəffaflaşma tendensiyasını inanıram ki, hər kəs hiss edir. Şəxsən məni sevindirən ən vacib amillərdən biri korrupsiya hallarının hiss ediləcək dərəcədə aradan qaldırılmasıdır. Bir sözlə, təhsildə son illər pozitiv tendensiya davam etməkdədir.

Müşahidələrim görülən işlərin əsasən institusional məsələlərlə əlaqəli olmasını göstərir, yəni belə deyək, təhsilin keyfiyyətini yüksəltmək üçün təhsilin təşkilinə diqqət 60%, təlim-tədrisin keyfiyyətinin yüksəldilməsinə isə fikrimcə 40% diqqət ayrılır. Daha çox gözə görünən təhsil sisteminin infrastrukturunun yenilənməsi, proseslər üzərində eksperimentlərin edilməsi və son illər müəllimlərin kvalifikasiyasının yüksəldilməsi və ya daha kompitent müəllimlərin seçilməsi üçün olan addımlardır. Bu mənim subyektiv fikrimdir.

Əlbətdə ki, müşahidələrim sırasında xüsusi yeri Marketinqin tədrisi və təhsil, təhsil-biznes, biznes müstəvisində istifadəsi tutur. Marketinqin tədrisi və ölkəmizdə təbliğatı ilə bağlı çox işlər görülüb. Buna misal olaraq tədris prosesinə xaricdə təhsil almış kadrların və mütəxəssislərin cəlbi, müxtəlif forumların təşkili, aparıcı şirkətlərin təşkilati dəstəyi ilə marketinq tədbirlərinin təşkili, bu sahədə tanınmış və uğurlu insanların ölkəmizə dəvəti və s. göstərmək olar. Ən azı son on ildə bu belədir. Təşkil edilən tədbirlərin də marketinq məqsədləri var, amma hər halda bu sahənin təbliğatına tövhə verir.

Bununla belə, düşünürəm Marketinqin tədrisinə yanaşma dəyişməlidir. Bəzi ali təhsil müəssisələrimizdə marketinqi mühazirə çərçivəsində saxlayırlar və ya bu fənnin tədrisinə yetərincə müddət ayrılmır. Praktiki məşğələlərin olmaması tələbələrə nəzəriyyənin tətbiqini mənimsəməyə imkan vermir. Digər problemlərdən biri bu fənnin tədris proqramının keyfiyyəti ilə əlaqədardır. Bakalar və Magistr pilləsində keçilən mövzuların “dərinliyi” eyni olmamalıdır, amma əksər hallarda müxtəlif səbəblərdən mövzular müəyyən “dərinlik səviyyəsindən” o tərəfə keçmir, buna da tələb standart olmadığı üçün qalır müəllimin vicdanına. Bəzən isə proqramın vaxtı intesiv formatda olduğu üçün müəllimə də bir şans buraxmır.

Bundan əlavə, fikrimcə ali təhsil müəssisəsi dünyada baş verən iqtisadi prosesləri, innovasiyaları, istehlakçı davranışlarında elmi yenilikləri  və s. bu kimi mövzuları izləməli və marketinqin tədrisinə bu məsələləri gətirməlidir. Əks halda dünya elmində baş verən marketinq yenilikləri haqqında bizim tələbələr xəbərdar olmur, ölkə biznesinə fiziki olaraq yeni amma zehni olaraq köhnə mütəxəssislər gəlir. Deyə bilərsiniz ki, tədris prosesinə bazarda fəaliyyət göstərən mütəxəssisləri cəlb etməklə bu problemi universitet aradan qaldırır. Amma unutmayaq ki, bizim bazarda əksər sahələrdə rəqabət intensivliyi yüksək deyil və şirkətlərin əksəriyyəti köhnə oyun qaydaları ilə rəqabət aparırlar (əgər ümumiyyətlə aparırlarsa). Bəllidir ki, belə bazarda formalaşmış mütəxəssislərin əksəriyyəti “tənbəl” mütəxəssislərdir.        

Qeyd edilən boşluqları doldurmaq üçün ya tələbələr əlavə vəsait xərcləməklə doldurmağa çalışırlar ya təlimləri ziyarət edirlər ya əlavə təhsil alırlar ya da illər sərf edib təcrübə toplayırlar (zaman da puldur). 

Digər məsələlərdən biri əksər təhsil ocaqlarının marketinqdən istifadə etməməsi və ya limitli istifadəsidir. Son illər bəzi aparıcı universitetlərimizin timsalında marketinq fəaliyyətinin olmasını hiss etmək məni ancaq sevindirir. Belə universitetlərin sırasında ADA və UNEC-i (Azərbaycan Dövlər İqtisad Universiteti) xüsusi vurğulamaq istərdim. Görünən odur ki, bu müəssisələrdə olan marketinq görəvlilərinin işi yalnız sayta məlumat daxil etmək deyil. Gəlin razılaşaq ki, təhsil müəssisəsi Marketinqi tədris edirsə, mütəxəssislərə necə pul qazanmaq lazım olduğu ilə bağlı bilik verirsə və özü bunu etmirsə və ya edə bilmirsə burada bir məntiqsizlik yaranır.

Təhsil müəssisələrimiz birinci özləri Marketinqi işə salmalıdırlar, fəaliyyət göstərdikləri mühiti qiymətləndirib imkanlardan yararlanmalıdırlar. Tələbədən və biznesdən öncə fikrimcə təhsil müəssisəsi addım atmalı, əməli işləri və təcrübələri ilə diqqəti cəlb etməlidirlər. Bazarın tələbini ölçməli, istehlakçı davranışlarını və seçimlərini araşdırmalı, əsaslı qiymətqoyma siyasəti həyata keçirməli, bazara ehtiyaca uyğun təklif verməlidirlər. Qısası təhsilin xidmət olaraq marketinqini doğru düzgün həyata keçirməlidirlər.

Təhsil-Biznes münasibətlərində Marketinqin tətbiqi danılmazdır. Dünyada onlarla məşhur universitetlər, onların isə yüzlərlə bununla bağlı nümunələri var. Bəli razılaşmaq olar ki, hazırda bazarda təhsil müəssisəsinin xidmətlərinə demək olar tələb yoxdur. Həmçinin o da faktdır ki, təhsil müəssisələri də bazara cəledici təklif vermirlər və ya verə bilmirlər, əksər təhsil ocaqları isə bazarda brend olaraq ümumiyyətlə mövcud deyillər. Rəqabət aparan yerli biznesin xarici universitetlə əməkdaşlığa onun nüfuzuna, təcrübəsinə və ya digər səbəbə görə meyilli olacağı ehtimalı daha çoxdur. Səbəb isə çox sadədir, həmin universitetlər ehtiyaca uyğun, həm fərdi həm də biznes müştərilərinə sata biləcək xidmət yaradırlar. Yəni bu universitetlərdə marketinq fəaliyyəti mövcuddur. Kommersiya mexanizmi düzgün işlədiyi üçün onlarda formal olmayan və “elmin qaynadığı laboratoriyalar”, araşdırma mərkəzləri yaranır. Bundan isə həm tələbə həm də biznes yararlanır.

Təəssüf ki, yerli universitetlər barədə bunu hazırda demək olmur. Yerli təhsil-biznes əlaqələrində atılan addımlar əsasən təbliğat üçün təşkil olunan görüşlərdən, auditoriyaların brendinqindən, sponsorluqdan və ya karyera-inkişaf əlaqələrindən ibarət olur. Universitetlərə bugün biznes tərəfindən edilən sifarişlər potensialımızın çox altındadır. Həmçinin, indiyə qədər bizneslərə xidmətlər siyahısı formalaşdırıb təklif verən yerli universitet də görməmişəm. Məsələn, bir çox xarici universitetlər öz saytlarında biznesləri əməkdaşlığa çağırırlar, onlara müxtəlif xidmətlər təklif edirlər. Misal olaraq araşdırmaların təşkili, konsultasiya, mütəxəssislərin kvalifikasiyasının yüksəldilməsi, təcrübələrin aparılması, universitetdən auditoriya, zalların və avadanlıqlarının kirayəsi, müxtəlif sahələrdən olan peşəkar xarici mütəxəssislərin dəvəti, xarici biznes nümayəndələrinin yerli bizneslərə ziyarətinin təşkili və əlaqələrə vasitəçilik və s. kimi göstərmək olar. Təhsil müəssisəsi bu əməkdaşlıqdan necə yararlana bilər? Kommersiya münasibəti gəlir gətirəcək, bu bəllidir. Həmçinin, bilirik ki, təhsilinin müxtəlif pillələrində olan potensial və cari mütəxəssislər əldə etdikləri bilik üçün hər zaman tətbiq platformalarının axtarışındadırlar. Əməkdaşlıq belə platformaların yaranmasına şərait yaradır. Bugün diplom işlərini, elmi araşdırmalarını aparmaq üçün tələbələr yerli bizneslərdən dəstək ala bilmir. Bu 15 il əvvəl də belə idi, indi də belə davam edir (tələbə olan vaxtım ilə müqayisə edirəm). Əməkdaşlıq olduğu təqdirdə biznes universitetin resurs potensialından istifadə edir, digər tərəf isə tələbələrinə real platformada elm ilə məşğul olmağa şərait yaradır. Bacarıqlı tələbələr işlə daha rahat təmin olunur. Uğurlu layihələri universitet patentləşdirir, onlardan əlavə dividentlər qazanır. Bir sözlə, qarşılıqlı faydalılıq prinsipi qorunur.

Nəhayət, Marketinq təhsilin biznesə transformasiyasına səbəb olan elmlərdən biridir. Biznesdə marketinqin rolu haqqında fikirlər bu yazıya sıxmayacaq. Bu səbəbdən fikirlərimi yeni biznesin qurulmasına ünavanlayacam. Ürəyində biznes alovu olan istənilən şəxs əminəm ki, marketinqlə ilk tanışlıqda etibarlı biznes şərikini tapmasını anlayır. Bu o, şərikdir ki, daim Sizinlədir və heç bir qarşılıq və ya divident gözləmir. Biznesinizin yaranmasında və böyüməsində məsləhətçinizdir, çətin dövrlərdə Sizi tək buraxmayan çıxış yolu üçün dayanmadan ideyalar generasiya edən etibarlı partnyorunuzdur.

Fəaliyyət göstərən biznes daxilində dəstəkverici funksiya olsa da, öz işini quran fərdlərin, sahibkarların ilk yardımına gələn məhz marketinq bilikləri, bacarıqları olur (normal şərtlər daxilində qurulan bizneslər nəzərdə tutulur). Biznesin qurulması və inkişafı üçün atılan addımlar ardıcıllığına fikir versək bunu anlamaq heç də çətin deyil. Ən azından iqtisadiyyatın əsas 3 sualına cavab tapmağa məhz o Sizə kömək edəcək (Nə istehsal etməli?, Kimin üçün istehsal etməli? Necə istehsal etməli?). Bəzən marketinq təhsili olmayan uğurlu biznesmenlər də olur. Adını bilmədən ondan istifadə edirlər, eksperimentlər edib təcrübə əsasında uğur qazanırlar. Bəli biznes qurmaq üçün yaxşı marketinq mütəxəssisi olmaq şərt deyil. Bunun üçün münasib mühit, kapital və risk bacarığı olmalıdır. Bu şərtlərdən hər hansı birinin olmaması ideyanın ömrünü qısalda bilir. Bu təcrübəni yaşamış biri kimi Sizə də bu şərtlərdə əmin olmağı tövsiyyə edirəm. Amma marketinq bilməklə iş qurmaq daha rahatdır, atılan addımlar daha tez nəticə verir və uğur uzunmüddətli olur.

Ölkədə yeni bizneslər, startup-lar yaranmağa başlayır. Qarşılaşdığım 10 gəncdən 3-ü, 10 təcrübəli mütəxəssisdən 5-i öz işini qurmaq haqqında düşünür. Bu tendensiya getdikcə artır və çox müsbət haldır. Əlbətdə bu hər kəsin ideyasının, cəhdinin uğurlu olacağı anlamına gəlməməlidir. Statistikadan da bəllidir ki, dünya üzrə yaranan startup-ların çox cuzi faizi uğur qazana bilir. Bir çoxlarını isə böyük şirkətlər udur. Riskləri minimuma endirmək üçün gənc sahibkar da vacib vasitələrlə silahlanmalıdır. Belə vasitələrdən biri də marketinqdir. Sadə dildə desək marketinq Sizin üçün pul qazanmağın yolunu göstərən xəritə rolunu oynayacaq. Hər halda mənimlə razılaşarsız ki, yuxarıdakı şərtlər ödəndiyi təqdirdə bələd olmadığınız uzaq səfərə xəritə ilə çıxmaq daha rahat və az riskli olar. Bir sözlə, gələcək amalı şəxsi biznes olanların bu elmi öyrənmələri labüddür. Ən azı bir qazanıb on fürsəti əldən verməmək üçün, əvvəldən uzun müddətli və dayanaqlı biznes qurmaq üçün, rəqabətdə uduzmamaq üçün və ən əsası insanların həyatına yeniliklər gətirmək üçün təhsildən biznesə olan bu körpünü keçməlidirlər.    

*Qeyd edim ki, marketinq ilə bağlı münasibət bildirdiyim bu və digər yazılar öz fikirlərim və müşahidəm nəticəsində gəldiyim qənaətdir. Heç bir kitabdan və ya internet resursdan, digər müəlliflərdən əldə edilməyib. Bu səbəbdən yazılarımda hansısa fikir və ya təkliflərimə diqqət göstərib paylaşmaq istəsəniz istinad etməyi unutmamağınızı rica edirəm.