Marketinqin Yaşı Neçədir?

  • Home
  • Bloq
  • Marketinqin Yaşı Neçədir?
Marketinqin Yaşı Neçədir?

Marketinqin Yaşı Neçədir?

Marketinq nədir, nə üçün lazımdır bu və ya digər suallarla inanıram ki artıq bir çoxları qarşılaşıb və hər kəs bunu özünəməxsus şəkildə cavablandıra bilir. Bu səbəbdən mən bu məqaləmdə Marketinqin mahiyətinə varmayaraq onun elm kimi ərsəyə gəlməsini araşdırmağa çalışacam.

Nəhəng elm ağacında öz rəngarəngliyi ilə mühüm yer tutan Marketinq məfhumu indi hər kəsin həyatına bu və ya digər formada təsirsiz ötüşmür. Artıq XXI əsrin ilk on illiyində bu elmin “müasir insan” üçün oynadığı rol danılmaz həqiqətə çevrilib.

XX əsrin ortalarından başlayaraq elm kimi böyük inkişaf yolu keçmiş Marketinq bir çox mütəfəkkirləri, yazarları habelə adi insanları belə öz əsarətinə salmış və bazar münasibətlərinin inkişafı fonunda onları bazar xadiminə çevirmişdir.

Hər dövrün nəbzinə çevrilən bu bilik sahəsini tədqiq edərkən onun tarixi “əsl yaşı”, yaranma səbəbləri və ibtidai forması, inkişaf yolu, keçmişi və bu günü ilə fərqləri maraq doğurmaya bilməz.

Marketinqin tarixi haqqında müxtəlif fikirlər dolaşır. Belə ki, kimi elm kimi onun sənayenin inkişafı ilə əlaqədar 1900-cü ildən ərsəyə gəlməsini, kimi daha sonra və ya daha qədim olmasını iddia edir. Lakin marketinqdə istifadə edilən bəzi vasitələrin kəşfi tarixlərinə diqqət yetirsək  (1450-ci ildə flayer və broşürlərin kütləvi çap cihazının Qutenberq tərəfindən kəşfi, 1836-cı ildə Fransa qəzetlərinin birində ilk pullu reklamın nəşri və s.) axtarışımızı daha qədim zamana kökləmək zərurəti yaranacaq.

Satış mesajları və divar posterləri üçün hələ qədim Misirdə papirusdan istifadə edilməyə başlanıb. Həmçinin kommersiya təklifləri, siyası şüarların əksi Pompey xarabalıqları və qədim Ərəbistanda da kəşf edilib. Divar rəsmləri isə qədim reklamın digər formasıdır ki, o Asiya, Afrika və Cənubi Afrika ölkələri üçün xarakterik olub. Tarixi mənbələrə görə bilbordlar (böyük ölçülü dirəkli reklam lövhələri) ən qədim reklam forması sayılır.

Digər reklam növləri müvafiq olaraq Radio reklam 1920 (həmçinin marketinq araşdırmalarının vüsət almağa başladığı ildir), TV reklam 1950, internet reklam 1990-cı ildən vüsət almağa başlayıb.

PR – Qədim dövrlərdə Hindistanda, Yunanıstanda, Romada müxtəlif formalarda istifadəsinə rast gəlinib. Hindistanda ictimai fikrin araşdırılması, Yunanıstanda siyasi təbliğat və fikirlərin yayılması kimi tətbiqi olub. Məşhur sərkərdə Yulios Sezar isə xalqın rəğbətini qazanmaq üçün avtobioqrafiyasında öz döyüşləri haqqında qeydlər aparıb. İlk dəfə PR (Public Relations) termini 1897-ci ildə Amerika vətəndaşlarına yeni dəmiryol sistemini təbliğ edərkən yaranıb.

Marketinq araşdırmaları – 1920-ci ildə Radionun inkişafı və reklam bumu ilə əlaqədar olaraq reklam verənləri onun effektivliyi maraqlandırmağa başlayır. Daniel Skratç reklam effektivliyini ölçmək məqsədilə insanlar arasında ilk dəfə olaraq anket sorğusunun keçirilməsinə başlayır. Bu da marketinq araşdırmalarının əsasını qoyur.

İndi isə Marketinqə bir tam kimi yanaşaq və onun elmi ədəbiyyatda ilk dəfə hansı dövrlərdə mövcud olmasına nəzər salaq. Elmi bilikdə özünə bir istiqamət olaraq yer edən bu məfhumun ilk mənşəyi barədə müxtəlif fikirlər mövcud olub. Beləki bir mənbəyə görə 1906 və 1911-ci illər arası bu məfhumun yaranmasını qeyd edirsə digər bir mənbə isə 1897-ci ildə Amerika İqtisadiyyat Asosiasiyasının jurnalında bu sözə rast gəlindiyini iddia edir (Bartels 1988, Brussiere 2000). Oxford İngilis dili lügətində Marketinq sözünün yaranma tarixi 16-cı əsrə təsadüf edir (Dixon, 2002).

Marketinqin təhsil olaraq ilk dəfə tədrisi bir çoxlarının düşündüyü kimi heç də ABŞ-da olmayıb. Beləki, Marketinqlə bağlı ilk kurslar Almaniyada XIX əsrin sonu XX əsrin əvvəllərindən vüsət almağa başlamışdır (Jones and Moniensen, 1990). O dövrdə bazar tendensiyaları xüsusidən ümumiyə doğru araşdırılır, müşahidələr və təcrübə əsasında qanunauyğunluqlar müəyyən edilirdi. Mənfi təsirlərdən qorunmaq üçün qanunvericilikdə dəyişikliklər edilir və bazar oyunçularına isə oyun qaydaları tədris edilirdi.

Lakin günümüzə gəlib çatan Marketinqin ABŞ-da cilalanması və bir sistem halına salınması danılmaz fakt olaraq qalır.

Marketinqin tarixini araşdırmaq üçün onun inkişaf yolunu müəyyən tarixi dövrlərə bölmək olar. Bu dövrləri isə xüsusiliyinə görə aşağıdakı kimi adlandırmaq və araşdırmaq məncə məqsədə uyğun olardı.

  1. Qədim dövr, ibtidai təzahür formaları – Bu dövrdə bazar münasibətləri
  2. Orta əsrlər, təkmilləşmə – İlkin kəşflərin bazar münasibətlərinə təsiri
  3. XX ərsin əvvəlləri, elm və tətbiq – Marketinq Sənayenin inkişafı fonunda bazar münasibətlərini tənzimləyən vasitə kimi, elm və tətbiqlər
  4. XX ərsin ortaları, texnoloji tərəqqi və sistemlilik dövrü (Kotler) – Texnoloji tərəqqinin Marketinqə təsiri, yeni vasitələrin meydana gəlməsi
  5. Müasir dövr – Elektronlaşma

Humanitar və formal elmləri bir arada qovuşduran Marketinq öz yaranışından günümüzə kimi aktuallığını saxlayırsa, “dünyanı dəyişən” şirkətlərin fəlsəfəsində özünə məxsus yer tutursa və insanların həyata baxışını dəyişə bilirsə Sizcə bu elmə səthi yanaşmaq mümkündürmü?

Əslində Marketinqin tarixinə qısa nəzər salmaqda məqsədim onun müasir elm kimi ərsəyə gəlməsində tarixi hadisələri xatırlatmaq və tarixində baş vermiş uğurlu və uğursuz tətbiqlərin araşdırılmasına, səhflərin təkrarlanmaması üçün tədrisində və tətbiqində tarixdən faydalanmağa zəmin yaratmaqdır. Dolayı yolla məqalənin adında axtardığım suala öz cavabımı vermiş oluram; – Marketinq ticarət münasibətlərinin meydana gəldiyi dövrdən mövcud olub, sadəcə elm kimi sistemli öyrənilməsi və tətbiqi XX əsrin ortalarından başlamışdır.