Nəzəriyyə Yoxsa Təcrübə?

  • Home
  • Bloq
  • Nəzəriyyə Yoxsa Təcrübə?
Nəzəriyyə Yoxsa Təcrübə?

Nəzəriyyə Yoxsa Təcrübə?

Hər bir ixtisas, peşə ona sahib olmaq istəyən şəxsə tələblər irəli sürür. Ona yiyələnmək istəyirsənsə bu tələbləri qarşılamağa məcbursan. O, mövcud olduqca, tələbatı qarşıladıqca isə özünə limitlər qoymadan sevdiyin işlə birgə inkişaf etməlisən. Əlbətdə ki, bu sadə aksiomadır. Bəs bu tələblər nədən ibarətdir? Xarici dil, kompüter bacarıqları bu günün minimumudur, onların üzərində dayanmayacayıq. Amma Marketinq mütəxəssisi olmaq üçün nəzəriyyə vacibdir yoxsa təcrübə kimi sevilən suallara cavab olaraq öz fikrimi yazıda Sizinlə paylaşmaq istərdim.

MƏSULİYYƏT

Deyərdim ki, istənilən ixtisas və peşəyə yiyələnməyin ən başlıca tələbidir. Bu elə bir tələbdir ki, Sizin uğurlarınıza birbaşa vəsilə olacaq. Məhz məsuliyyət ixtisas seçiminizdən başlamaqla ona sahib olmaq və uğurlar əldə etməkdə Sizin ən etibarlı dostunuzdur. Məsuliyyətli olmaq öz işini sevməkdir, mütəxəssis adına hörmət etməkdir, işi haqqında fikir söyləyəndə nə danışdığını bilməkdi və təcrübədən keçirdikdə nə etdiyini anlamaqdı. Məsuliyyət olmadan isə uğur əldə etmək mümkün deyil, mən şəxsən buna əminəm (istisnalar həmişə var). Məsələn, səhv etməkdən qorxmaq özü də məsuliyyətin bir təzahürüdür.

Səhvlərdən özümüzü necə sığortalaya bilərik? Gündəlik kifayət qədər iş həcmi ilə qarşılaşırıq, onlarla qərarlar veririk və bunları bir-bir səhvdən sığortalıyacaq nə elə bir alət nə də bir vasitə var. Razılaşaq ki, karyeramızı “Risk etməyən şampan içməz” deyiminə bağlayıb davam etmək də ağıllı seçim sayıla bilməz. Bəlkə də bu deyimi dəbə salan formula 1 yarışlarının iştirakçıları üçün sözügedən ifadə ağlabatandı, nə də olsa uduzduğu halda əlavə qazancdan olur, itkilərə isə sponsorlar dəstək verir. Amma biznesdə mütəxəssisin və peşəkar idarəçinin heç bir bilik israf etmədən belə ifadələrdən sui-istifadə etməsi, inanclara görə davranması təəcübləndirməyə bilməz. Başqa bir deyim isə “Yalnız işləməyən səhv etməz” ifadəsidir. Hansı ki, daha çox bilik və bacarıqları təcrübədən keçirməyə sövq edir, bu yolda mütəxəssisləri stimullaşdırmaq üçün istifadə edilir. Bəli, bilik və bacarıqları təkrar etməklə altından xətt çəkmək istərdim. Onlar isə məhz nəzəriyyə və təcrübə ilə qazanılır.

NƏZƏRİYYƏ

Hələki Azərbaycan Marketinqində nəzəriyyəyə ögəy yanaşma hiss edilməkdə davam edir. Digər ixtisaslar haqqında fikir deyə bilmərəm. Səbəblər fərqlidir. Bunlar subyektiv və obyektivdir. İlk növbədə obyektiv səbəb kimi bir çox gənc mütəxəssislər keyfiyyətli yerli təhsilin və tətbiq meydanının olmamasını əsas gətirirlər. Subyektiv səbəblər isə fərqlidir. Kimi zəhmət çəkmək istəmədən ağızdan-ağıza keçən marketinqə yiyələnir və bununla zamana, enerjiyə qənaət etdiyini düşünür, kimi araşdırma qabiliyyətinə malik deyil, kimi məqsədsiz və hədəfsiz şəkildə bu sahəyə üz tutub və s. Nəzərə alsaq ki, öyrənmək heç vaxt gec deyil, zaman keçdikcə bu boşluğu da aradan qaldırmaq mümkündür.

marlab-marketing-nezeriyye-tecrube-blog

Başqa bir problem beynəlxalq təcrübə üzərində qurulan nəzəriyyənin Azərbaycan reallığından fərqli olması şübhəsinin yayılmasıdır.  Bu şübhəyə səbəblər sırasında yerli sahibkarların məlumatsızlığı, onların baxışı, bürokratik əngəllər, istehsalın olmaması, ədalətsiz rəqabət və s. göstərmək olar. Bir çox hallarda fərdlər bu kimi problemlərin qabardılmasından sui-istifadə etməklə öz sübyektiv səbəblərini gizlətmək üçün bəhanələr uydururlar. Doğrudur, bəzən zamanını qabağlayan nəzəriyyələrə də rast gəlmək mümkündür, hansı ki, təcrübədə yoxlamaq üçün münbit zəmin gözləməli olursan. Amma fakt, fakt olaraq qalır – nəzəriyyə keçmiş təcrübə üzərində qurulub və yeni yanaşmalar, araşdırmalar, təcrübə əsasında genişləndirilir. Ona sahib olmadan, yalnız öz təcrübəmizlə hərəkətlər çıraqsız yol getməyə bənzəyir. Nəzəriyyə bir yol xəritəsidir. Qeyd edim ki, təcrübədən fərqli olaraq Azərbaycanda Marketinq nəzəriyyəsini mənimsəmək üçün tələbələr və gənc mütəxəssislər qarşısında heç bir süni əngəl yoxdur.

TƏCRÜBƏ

Peşəkar mütəxəssisin formalaşması üçün vacib amildir. Yaxşı nəzəriyyəçi yaxşı mütəxəssis demək deyil. Yaxşı təcrübəçi də eyni ilə yaxşı mütəxəssis deyil. Yaxşı mütəxəssis nəzəriyyəsi və uyğun təcrübəsi olan peşəkarlardır. İndi deyə bilərsiniz ki, razı deyilik, yaxşı təcrübəçi də yaxşı mütəxəssis ola bilər. Nə qədər yaxşı olmasını deyə bilmərəm (çünki, “yaxşı olmaq” nisbi anlayışdır), amma nəzəriyyəsiz və ya zəif nəzəriyyə ilə olan “yaxşı” mütəxəssislərin spesifik xüsusiyyətləri, hətda deyərdim çatışmamazlıqları olur:

  1. Məhdud və çərçivəli fəaliyyət göstərirlər, bu səbəbdən özlərini təkrarlayırlar, rutin işlərə üstünlük verirlər,
  2. Qərarvermə problemləri ilə üzləşirlər, səbəb-nəticə əlaqəsini qura bilmirlər,
  3. Təsadüfi uğurlar üzərində öz “nəzəriyyələrini” qururlar, yalnış istiqamətə hərəkət edirlər,
  4. Nəzəriyyəni bilən və təcrübəsi olan mütəxəssislərdən çox zaman asılı olurlar və s.

Digər tərəfdən təcrübədə tətbiq edilməyən nəzəriyyə də heç kimə lazım deyil. Bu fikir marketinqdə bir deyimə bənzəyir – “Topladığın DATA-nı məlumata çevirib bilik əldə edə bilmirsənsə, demək ki, topladığın zibildir”. Nəzəriyyə və təcrübə münasibəti də elədir. Əldə etdiyin nəzəriyyəni təcrübədə tətbiq edə bilmirsənsə, deməli …

Ölkəmizdə marketinq mütəxəssislərinin təcrübə qazanması üçün münbit şərait formalaşmaqdadır. Təcrübəyə adətən stimul yaradan xarici şirkətlərin yerli filialları, distribüterləri olur. Bir çox hallarda onların vasitəsilə beynəlxalq təcrübə yerli bazara sızır. Belə ki, xarici bazarda formalaşmış mütəxəssislərin tək başına yerli bazarda nələrisə dəyişməsi çox çətin olur. Ona görə də uyğun təcrübənin yerli bazara sızması və adaptasiyası kompleks olaraq baş verə bilər. Bazar şaxələndikcə, rəqabət şəffaflaşdıqca və dərinləşdikcə təcrübə üçün mühit yaranır. Sadaladığım amillər daha qlobal proseslərdir. Şirkət çapında, çərçivəsində isə mənzərə daha fərqlidir.

Burada da vəziyyət daha çox sahibkarın şirkətdə formlaşdırdığı qaydalardan, peşəkarlara etibarından və iş mədəniyyətindən, yuxarı rəhbərliyin məsələlərə yanaşmasından, resurslardan asılıdır. Hər hansı birində baş verə biləcək uyğunsuzluqlar, uzlaşmama birbaşa təcrübənin nəzəriyyə ilə həmahəngliyinə təsir edir. Yeni nəticələr əsasında onun zənginləşməsinin qarşısını ala bilir. Təbii ki, mütəxəssislər də onlara verilən meydan çərçivəsində hərəkət edirlər.

marlab-marketing-nezeriyye-tecrube-blog

Mütəxəssislər o, zaman özlərini “balıq suda” kimi hiss edirlər, nə zaman ki, onları əhatə edən mühit adekvatdır. İşlədikləri əməkdaşlar, diskusiyada iştirak edən opponentlər söhbətin nədən getdiyini, verilən tapşırığın məqsədini, doğura biləcəyi nəticələri təfsilatı ilə anlaya bilirlər. Mühit uyğun nəzəriyyə və təcrübə ilə zəngin olmalıdır. Onda artıq mütəxəssis də deyə bilməyəcək ki, nəzəriyyə və təcrübə fərqlidir. Nəzəriyyə yoxsa təcrübə sualı qarşısında aciz qalmayacaq. Əksinə hər keçən gün mütəxəssislərin də biliklərinin real təcrübədə tətbiqi onlarda özünə inam yaradacaq, potensialını açmağa sövq edəcək. Yetər ki, mütəxəssislərimizdə məsuliyyət, uyğun nəzəriyyə və təcrübə, şirkətlərimizdə isə adekvat mühit olsun.